Koronovirus pandemiyası və xüsusi karantin dövründə işəgötürənlər və işçilər üçün bəzi metodoloji məqamlar
6 ay əvvəl heç kim düşünməzdi ki Covid-19 adlı virus yayılacaq və pandemiya səviyyəsinə qalxacaq və bütün dünyanı əhatə edəcək. Doğrudur oxuduqlarımızdan və eşitdiklərimizdən bilirik ki tarix boyu bir neçə dəfə güclü epidemiyalar, xəstəliklər yayılmışdır. Amma heç birinin miqyası və təsir gücü indiki qədər olmamışdır. Bu ola bilsin ki bizim hazırki dövrdə yaşamamız və baş verənlərin birbaşa şahidi olmamızdan qaynaqlanır. Hər gün dostlarla, iş yoldaşlarımızla, evdə müzakirələrimiz əsnasında böyük ehtimal hamımızın yanaşması və baxışı həmən-həmən eyni və ya çox yaxın olmuşdur: dünyada qloballaşma gedir, texnika, elektromexanika, rəqəmsallaşma, tibb, səhiyyə və s. həyat sahələri çox inkişaf edib, artıq baş verə biləcək hər bir hadisənin qarşısının alına biləcəyi bir dövrdə, elə gündəlik danışığımız kimi desək “zəmanə”də yaşayırıq. Amma gördüyünüz kimi heç də bizim düşündüyümüz kimi deyil. Bəs riskləri qiymətləndirmək və onları idarə etmək?! Demək ki bəzən hansısa bir riski müəyyən etmək, proqnozlaşdırmaq və idarə etmək mümkün olmur.
ÜST-nın rəsmi bəyanatına əsasən artıq Covid-19 dünyanın 185 ölkəsində yayılıb və yayılması davam etməkdədir. Dünya həyəcan təbili çalır. Doğrudur bu “silahsız” düşmənlə mübarizədə dünya dövlətləri, o cümlədən də Azərbaycan müəyyən addımlar atır: sərhədlər bağlanılır, müəyyən təcridolunmalar həyata keçirilir və s. Hazırki dövrdə ölkəmizdə verilən qərarlar və atılan addımlar dövlətin və hakimiyyətin vətəndaşı, sahibkarı üçün ölçülmüş, minimum ziyanla bu mübarizədən çıxmaq üçün görülmüş tədbirlərdir. Bu məqamda vətəndaşın və sahibkarın üzərinə düşən dövlətimizlə bir yerdə əl-ələ verib həmrəyliyini nümayiş etdirmək və əlindən gələni əsirgəməməkdir (bir quşun dimdiyindəki su ilə böyük bir alovun söndürülməsi misalı). Ümumilikdə vətəndaş olaraq “evdə qal” çağırışına birmənalı şəkildə qoşulmalı və əməl etməliyik. Bəs bu dövrdə əmək münasibətləri işəgötürən və işçi mövqeyindən necə tənzimlənməlidir? Addım-addım baxaq bu məsələlərə:
İş yerlərində və əmək münasibətlərində distant (məsafədən) iş və teleiş:
İlkin olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təlimat verildi ki, iş uerlərində iclaslar, müşavirələr, toplantılar distant (məsafədən) təşkil edilsin. Bax burda texnologiyanın inkişafı köməyimizə çatdı. Belə ki, telefon rabitəsi, mobil və internet rabitəsi və s. müxtəlif vasitələrdən (watsup, skype, zoom, webex və s.) istifadə etməklə işlərimizi görməyə çalışırıq. Eyni zamanda həmin təlimatda (17.03.2020) göstərilirdi ki, əməkdaşların (işçilərin) məsafədən işləmələrinə baxılsın, 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların işə davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin. İş yerlərində daxili və xarici səfərlər, ezamiyyələr məhdudlaşdırıldı.
İş rejimi və iş vaxtı:
Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli 113 nömrəli qərarı qəbul edildi. Qərara əsasən xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edildi. Yəni həm 5 günlük, həm də 6 günlük iş vaxtı ilə işləyən iş yerlərində iş vaxtı 06.04.2020-ci il tarixində başlanmalı idi. Eyni zamanda həmin qeyri-iş günlərində müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsinin rəhbər tutulması tapşırıldı. Yəni uzadılmış qeyri-iş günlərində zərurər yaranarsa işçi işə cəlb olunarsa, o zaman həmin işçinin əməkhaqqı saxlanmaqla başqa bir vaxt ona istirahət günü verilməli idi. Burada bir məqama diqqət yetirək ki, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü hesab edildiyinə görə 2020-ci ilin mart ayı üçün iş vaxtının norması 127 saatdan azaldı 103 saata. Lakin NK-nın 31.03.2020-ci il tarixli 122 nömrəli növbəti qərarı ilə 113 nömrəli qərar ləğv edildi və yeni qərarda göstərildi ki, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. Bu o demək idi ki, mart ayının iş vaxtı norması 127 saat, aprel ayının norması 176 saat qaldı. 122 nömrəli qərarla 31 mart - 20 aprel tarixləri xüsusi iş (əmək) rejimi tətbiq edildi. Burada işəgötürənlərin üzərinə 2 məsələnin müəyyənləşdirilməsi və tətbiqi düşür:
1. İşçilərin öz evlərindən distant (məsafədən) və ya teleiş formasında işləmələrini təmin etmək;
2. İşə cəlb olunması nəzərdə tutulan məhdud sayda işçilər arasında da növbəli işi təmin etmək.
Əmək Məcəlləsinin 95-ci maddəsi ilə iş vaxtının rejimi qaydaları müəyyən edilsə də operativ surətdə qarşısı alınmayan hadisə, dünya miqyaslı pandemiya ilə mübarizə məqsədilə Nazirlər Kabineti iş rejimində və iş vaxtında müəyyən dəyişikliklər etməli oldu. Qərarda konkret olaraq işə cəlb oluna biləcək müəssisə və təşkilatların, fəaliyyət sahələrinin adları göstərilir. Burda əsas məqsəd istehsalatın dayanmaması, istismarın və iş ahənginin pozulmamasıdır. Ona görə də işçilər qrup şəklində növbəli şəkildə işə cəlb olunması məqsədəuyğundur.
İstirahət və məzuniyyət günlərinin tənzimlənməsi:
İlk öncə qeyd edildi ki, işçilər əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər. Əmək Məcəlləsinə əsasən məzuniyyətin növlərində ödənişli əmək məzuniyyəti var, bir də ödənişsiz məzuniyyət. Birincidə məzuniyyət haqqı ödənildiyi halda, ikincidə adından görsəndiyi kimi işçiyə heç bir ödəniş edilmir. Koronovirus infeksiyasının qarşısını almaq məqsədil xüsusi karantin dövründə insanların sosial-iqtisadi vəziyyəti nəzərə alınaraq işçilərə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilmələri və ya növbədənkənar məzuniyyət verilməsi tapşırıldı və tövsiyə edildi. Yəni işçi ödənişsiz məzuniyyətdə olsa da adi halda olduğundan fərqli olaraq onun işdə olmadığı günlərdə əməkhaqqı saxlanılır. Digər halda isə işçinin müvafiq iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətindən çıxılmadan o, ödənişli məzuniyyətlə təmin edilir.
Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Yəni bu vəziyyətdə işçini sosial vəziyyətinin düşünüldüyü qədər olmasa da, işəgötürənin də iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Belə ki, əgər işəgötürənin iqtisadi vəziyyəti həqiqətən yaxşı deyilsə, o zaman işəgötürən müvafiq maddəni əsas tutaraq hansısa işçinin kifayət qədər istifadə olunmamış əmək məzuniyyəti günləri varsa öncəliyi onlara verməli, daha sonra kütləvi şəkildə deyil qrup halında işçiləri bu maddədə göstərildiyi qaydada ödənişsiz məzuniyyətə göndərə bilər.
İşçilərin təminatları və işəgötürənlərin öhdəlikləri:
Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli qərarla işəgötürənlər (siyahı üzrə) fəaliyyətin təmin etmək, iş ahəngini pozulmaması üçün məhdud sayda işçiləri işə cəlb edə bilərlər, bu şərtlə ki cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər, eyni zamanda dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əməkhaqları saxlanılsın. Bundan başqa qərarın 2 nömrəli əlavəsi üzrə fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması da işəgötürənlərə ciddi tövsiyə edilir. Burada bir neçə məqama diqqət yetirək:
1. İşçilər məhdud sayda işə cəlb edilir;
2. İşə cəlb edilənlər növbəli əsasla işləyir;
3. İşə cəlb edilməyən işçilərin əməkhaqları saxlanılır;
4. İşə cəlb edilən (fiziki olaraq) işçilərə əlavə istirahət günü verilir;
5. İşə cəlb olunan işçilər fərdi mühafizə vasitələri (tibbi maska, steril və qeyri-steril əlcək, baxil, spirt və ya dezinfeksiya edici məhlullar, eynək və s.) ilə təmin edilir.
Nəzərə alaq ki, yuxarıda göstərilənlərin hər biri ayrı-ayrılqda işəgötürən üçün xərc maddələridir. Belə ki, əməyin vaxtamuzd ödənilməsi sistemində, 5 və 6 gün həftədə 40 saat olmaqla işləyən işçilərin əməkhaqlarına bir fərq yaratmasa, işin gedişatına çox təsir göstərməsə də, çoxnövbəli iş rejimi olan iş yerlərində və işçilərin əməkhaqlarında öz təsirini göstərir. Hesab edin ki, 4 nəfər işçi ilə təmin etdiyimiz növbəli iş rejimində 1 və ya 2 işçi işə cəlb edilmir. Biz məcburən işə cəlb edilməyən işçilərin yerinə digər işçiləri saxlamalıyıq. Artıq saatlara görə ödənişlər (overtime), işləmədiyi (və ya tam işləmədiyi) halda əməkhaqqının ödənilməsi, daha sonra xüsusi karantin dövründə işə cəlb edilən işçiyə əlavə istirahət gününün verilməsi (əməkhaqqı saxlanılmaqla), müvafiq ləvazimatların təminatı.
Bu çətin dövrdə Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) olaraq bütün işçiləri və işəgötürənləri həmrəy olmağa, səbrli olmağa və birlikdə bu “silahsız” düşmənlə mübarizə apararaq qələbəyə doğru addımlamağa çağırırıq.
Bu qələbə mütləq baş tutacaq! Biz bu qələbəyə inanırıq!
Müəllif:
AİRA-nın İdarə Heyətinin üzvü
Rauf Məmmədov
Növbəti yazılarımızda gözləyin:
- Xüsusi karantin dövründə icazələr
- 190 manat və 250 manat yardımdan kimlər yararlana bilər?
- Covid-19`un cəmiyyətə, işçiyə və işəgötürənə vurduğu ziyan və onun iqtisadi, sosial nəticələri
