Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

Xüsusi karantin dövründə hərəkətlə bağlı (icazələr)

nəzərə almalı olduğumuz məqamlar

Bu gün dünya əhalisi Covid-19 adlı virus səbəbindən çətin günlər yaşayır. Yayılma sürəti və əhatə dairəsinə görə COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş və hazırda bu virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu günədək tibb elminə məlum olmayan təhlükəli xəstəlik hesab edilən koronavirus  epidemiyası gündəlik həyatımızı alt-üst edib. Tarixən bir neçə dəfə geniş miqyaslı və öldürücü xəstəlik növləri olsa da müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir. Bəzi yanaşmalarda, müzakirələrdə Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də “silahsız müharibə”dir, sözün əsl mənasında gözə görünməz düşmənlə müharibə. İnkişaf etmiş və ya üçüncü dünya ölkəsi, zəngin və ya kasıb fərqi qoymadan bütün dünya, insanlar bü “düşmən” qarışısında acizdir. Dünya ölkələrində bu “silahsız müharibə” ilə müxtəlif cür mübarizə üsulları tətbiq edilir. Bütün bunlara baxmayaraq hazırda dünyada 2 milyon 586 min 639 nəfər COVID-19 virusuna yoluxmuş, 179942 nəfər vəfat etmiş, 705814 nəfər isə sağalmışdır (ÜST-nın 22.04.2020-ci il tarixli məlumatına əsasən).

Bir sıra dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronovirus pandemiyası ilə mübarizədə preventiv tədbirlər həyata keçirilməkdədir. Sərhədlər bağlanılıb, özünü təcrid üçün müəyyən tədbirlər görülür, qapalı məkanlarda tədibrlərin keçirilməsi qadağan olunub, insanların küçələrdə hərəkəti məhdudlaşdırılıb, sosial məsafənin saxlanması və 10 nəfərdən artıq insanların bir arada toplanmaması və s. kimi tədbirlər görülməkdədir. Bununla yanaşı insanlar işləyir, hansısa tələbatlarını qarşılamaq üçün qısa müddətli də olsa küçəyə çıxmalı olur, iş yerləri, istehsalat, insanların tədarük ehtiyacları və imkanları və digər səbəblərdən hərəkət tam dayandırıla bilməz. COVID-19 virusunun ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, 20 aprel 2020-ci il tarixədək isə xüsusi karantin rejimi elan edilmişdir. Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Baş nazir tərəfindən 30 mart 2020-ci il tarixində qərar imzalandı. 120 nömrəli bu qərara əsasən insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə bir sıra iş və xidmət sahələrində fəaliyyət müəyyən edilmiş müddətdə qadağan edildi. Həmin qərarın 4-cü bəndinə əsasən müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə bəzi sahələrdə fəaliyyətin davam etdirilməsinə icazə verildi. Daha sonra vəziyyətin ciddiliyini nəzərə alaraq NK-nın 02 aprel 2020-ci il tarixli 124 nömrəli qərarına əsasən 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri qoyuldu. Müvafiq qərara əsasən ölkə ərazisində hərəkət 3 kateqoriya üzrə qruplaşdırıldı:

1.    Adları həmin qərarın 1.1 bəndində göstərilən təşkilatların əməkdaşları və qərarın 1 nömrəli əlavəsində adları göstərilən təşkilatların rəhbərlərinin məhdud sayda işə cəlb edilməsinə icazə verdikləri əməkdaşlar xidməti vəsiqələri və ya müvafiq təşkilatların insan resursları xidmətləri tərəfindən təqdim edilmiş iş yeri barədə arayış əsasında hərəkət edə bilərlər.

2.    Adları həmin qərarın 1.2 bəndində və 2 nömrəli əlavəsində adları göstərilən təşkilatların məhdud sayda işə cəlb olunan əməkdaşların müvafiq məlumatları işəgötürən tərəfindən asan imza və ya elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” ( https://icaze.e-gov.az/Login ) portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

3.    Bütün digər şəxslərin yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Göründüyü kimi ilk 2 kateqoriya işçi zəminində hərəkətinə icazəni təmin etmək, 3-cü kateqoriya isə vətəndaşların fərdi qaydada hərəkətlərinin icazəsi üçün nəzərdə tutulmuşdur. Bildiyiniz kimi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində əsasən inzibati cərimə nəzərdə tutulur. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Və bu cərimənin tətbiq edilməsi səlahiyyəti ölkə başçısının müvafiq fərmanı ilə Daxili İşlər Nazirliyi əməkdaşlarına verildi. Bəzən yuxarıda göstərilən ilk 2 kateqoriya üzrə hərəkətə icazənin verilməsi suallar yaradır, müzakirə və mübahisələrə səbəb olur. Amma göründüyü kimi qərarda açıq-aydın göstərilmişdir ki, 1-ci kateqoriya təşkilatların işləməyə icazə verilmiş əməkdaşları xidməti vəsiqələri və ya iş yerindən arayışları (rəsmi blankda) kifayət edir ki onlar iş yerinə gedib evə geri qayıda bilsinlər. 2-ci kateqoriya təşkilatların işləməyə icazə verilmiş əməkdaşların hərəkəti üçün isə mütləq şəkildə müvafiq məlumatlar  icaze.e-gov.az portalına daxil edilməlidir. İlkin olaraq portalda bəzi şəxslər sui-istifadə hallarına yol verərək işçi olmayan şəxslərin barəsində məlumatları daxil etməklə onların hərəkəti üçün icazə almış olurdu ki bu da dövlətin “evdə qal” aksiyasına əməl etməmə kimi qiymətləndirilir. Nəticə etibarilə DİN əməkdaşları tərəfindən həmin şəxslər cərimələnirlər. Lakin sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri ilə bağlı elektron informasiya sistemi də inteqrasiya olundu icaze.e-gov.az portalına. Nəticədə əmək müqaviləsi olmayan şəxslərin həmin portala işlənməsi aşkar şəkildə görsənməyə başlandı. Operativ Qərargah tərəfindən həmin işəgötürənlərə tövsiyə olundu ki, həmin icazələri ləğv etsinlər. Eyni zamanda portalda xarici vətəndaşların (işçi kimi) və xidmət müqaviləsi əsasında çalışan şəxslərin də hərəkəti üçün icazənin alınması nəzərdə tutulmuşdur. Bildiyiniz kimi ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılmışdır. Bununla əlaqədar portalda işəgötürənlərə icazənin müddətinin redaktə edilməsi və ləğv edilməsi səlahiyyətləri də verilmişdir. Diqqət yetirmək lazımdır ki, göstərilən hər iki kateqoriya üzrə icazə yalnız əməkdaşın özü üçündür. Əgər hərəkətinə icazə verilmiş şəxsin avtomobilində sərnişin olarsa mütləq şəkildə həmin şəxsin də ayrıca hərəkət icazəsi olmalıdır.

3-cü kateqoriya daxil olan şəxslər 3 indeksdən ibarət SMS vasitəsilə icazə almaqla evlərini müvəqqəti tərk edə bilərlər:

1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Əgər rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.

2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün. Bu halda icazə 2 saat müddətinə gündə 1 dəfə verilir və hər bir şəxsin evi tərk etməsi üçün ayrıca icazə alınmalıdır.

3  rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Yəni bu 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi məzmunlu (Məsələn: 2 AZE000000) SMS məlumatı göndərilməlidir. Burada bəzi məqamlara diqqət yetirmək vacibdir: SMS göndərildikdən sonra cavabın (icazənin) gəlməsini gözləmək, mütləq şəkildə evi tərk etmənin səbəbini düzgün göstərmək və göstərilmiş müddətə əməl etmək lazımdır. İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərmələrinə ehtiyac yoxdur. Yəni 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün SMS vasitəsilə icazə almasına ehtiyac yoxdur. Həmçinin həmin şəxslər öz avtomobillərindən sərbəst şəkildə istifadə edə bilərlər, avtomobil üçün əlavə icazə almasına ehtiyac yoxdur, bu şərtlə ki yuxarıda qeyd etdiyimiz kimi sui-istifadə hallarına yol verməsinlər. Eyni zamanda avtomobilində kimsə varsa, onun ayrıca icazəsi olmalıdır.

Dövlət tərəfindən atılan hər bir preventiv addım, həyata keçirilən tədbirin məqsədi maksimum şəkildə əhalinin özünü təcridini təmin etmək, infeksiyanın yoluxması riskinin azaldılmasını təmin etməkdir. Lakin bəzən vətəndaşlarımız bu qaydalara əməl etmir, özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atır, eyni zamanda əlaqədar şəxsləri (polis, həkim və s.) çətin vəziyyətdə buraxır. Əmin olun ki NK yanında Operativ Qərargahda kifayət qədər təcrübəli mütəxəssilər mövcuddur ki onların tövsiyələri məhz bizlərin, yaxınlarımızın sağlamlığı, yoluxma riskimizin qarşısının alınması üçündür. Bu dövrdə hər kəs təşviş içərisində nə edəcəyini, necə olacağını, karantin rejiminin nə vaxta qədər davam edəcəyini düşünür. Pandemiya günbəgün, demək olar ki, gözümüzün önündə öyrəşdiyimiz gündəlik həyat tərzimizi dəyişir, günümüzü həyəcan və qorxu içində keçirməyə vadar edir. Bir çoxlarını eyni suallar düşündürür: “həqiqətənmi hər şey belə ciddidir?”, “bizi nə gözləyir, sonumuz necə olacaq?”, “bu epidemiya nə vaxt bitəcək?”. Bu “dəhşətli hadisə”nin, “gözə görünməyən düşmən”in, “silahsız müharibə”nin tez bitməsi üçün bizlərin üzərinə düşən sadəcə səbəblərə riayət etmək, üzərimizə düşənə əməl etmək və nəticəni gözləməkdir.

            Bilirisiniz ki, ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması Operativ Qərargah tərəfindən məqsədəuyğun sayılmışdır. Bu baxımdan xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Həmçinin yuxarıda göstərilən icazələrin hər biri öz qüvvəsində qalmaqla qeyd olunan tarixədək uzadılmışdır.  

Operativ Qərargahın 22.04.2020-ci il tarixli məlumatına əsasən ölkəmizdə 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

            Bu çətin dövrdə Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) olaraq biz də xüsusi karantin dövründə hər kəsi evdə qalmağa, evdən işləməyə səsləyirik. Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq.

 

Müəllif

Rauf Məmmədov

 

 

Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə