Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

Dünyanın aparıcı şirkətləri koronavirusla necə mübarizə aparır?

 

Artıq bir neçə aydır ki, koronavirusun səbəb olduğu COVID-19 pandemiyası dünyanın hər bir yerində sürətlə yayılmağa davam edir. Hökumət təşkilatlarının virusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq etdiyi bir çox məhdudiyyət və tədbirlər bir çox böyük şirkətləri böhrandan ən az zərərlə çıxmaq və işçilərinin həyat və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra addımlar atmağa sövq edib.

SHRM Online bəzi şirkətlərin öz işçilərini və bizneslərini qorumaq üçün gördüyü tədbirlər barədə güncəl bir araşdırma həyata keçirmişdir. Araşdırma nəticəsində hazırlanmış siyahıda qeyd olunan üsullardan bəzilərini nəzərinizə çatdırırıq.

İşdə olmamalar

ABŞ-ın ən böyük özəl şirkətlərindən biri hesab olunan Walmart şirkəti virus əleyhinə işə gəlməkdən imtina edən işçilərə heç bir cəza tətbiq etmədən icazə almaq hüququ verib. Adıçəkilən şirkətin rəhbərliyi mağazalar şəbəkəsində çalışan əməkdaşlarından birində COVİD-19 pandemiyası aşkarlandıqdan sonra bu addımı atdıqlarını açıqlayıb.

Kolorado ştatı da eyni zamanda çalışan insanların 15%-dən çoxuna müəssisələr tərəfindən xəstəlik məzuniyyəti verilməsinin təmin ediləcəyini açıqlayıb. Xəstəlik məzuniyyətinə buraxılacaq işçilər sırasına xüsusilə otel və turizm sahəsində çalışanlar daxildir.

Ödənişsiz psixoterapiya

Aprelin 6-dan etibarən Starbucks şirkəti işçilərdə yaranabiləcək depresiya, stress və digər psixoloji narahatlıqların qarşısını almaq məqsədilə onlara birbaşa və ya virtual şəkildə pulsuz psixoterapiya imkanları yaradıb. Starbucks şirkəti bu tədbirlərə daha öncədən başlamağı planlaşdırsa da, koronavirusun sürətlə yayılması şirkəti bu prosesi sürətləndirməyə və xidmətə daha erkən başlamağa məcbur edib.

İşçilərə yardım fondu

Martın 11-də Amazon şirkəti  kuryerlər və mövsümi işçilər üçün 25 milyon dollar məbləğində yardım fondu ayırdığını elan edib. Fondun yaradılmasında əsas məqsəd koronavirus səbəbilə yaranmış böhranda maliyyə cəhətdən sıxıntı yaşayacaq işçilərə yardım göstərməkdir. Göstəriləcək yardımın miqdarı işçinin 2 həftəlik maaşı qədər müəyyən edilib.

Starbucks şirkəti də öz növbəsində koronavirusa yoluxan baristalara "fövqəladə ödəniş" edəcəyini açıqlayıb. Şirkət koronavirusa yoluxan və ya virusa yoluxmuş şəxslə kontaktda olan işçilərə verilməsi nəzərdə tutulan fövqəladə ödənişin işçinin 14 günlük əmək haqqına bərabər olacağını açıqlayıb.

Qısaldılmış iş saatları

Walmart daha bir əlavə tədbir görərək Amerika ərazisində fəaliyyət göstərən mağazalarının iş vaxtını qısaldıb. Bu təşəbbüsə daha sonra Publix, Giant, Stop&Shop və H-C-B kimi şəbəkələr də qoşulub və hal-hazırda  qeyd olunan şirkətlərin əməkdaşları da qısaldılmış iş saatlarıyla çalışır.

İşçi heyətinin artırılması

Yaranan böhran nəticəsində bir çox şirkətlərin əməkdaşları iş yerlərini itirməkdən qorxsa da bir sıra şirkətlər yaranmış riski fürsətə çevirərək online sahədə yaranan tələbatı qarşılamaq üçün öz işçi heyətinin sayını artırmağa qərar verib.

Amazon şirkəti kuryer və sürücülərinə dəstək fondu ayırmaqla yanaşı onların əmək haqqına 2 dollar miqdarında artım etməyi planlaşdırır. Şirkət artan online alış-veriş tələbatını tam şəkildə qarşılaya bilmək üçün 100.000 yeni işçi qəbul edilməsini nəzərdə tutub.

CVS Pharmacy şirkəti koronavirus pandemiyası ilə əlaqədar artan tələbi ödəmək üçün Martın 23-dən etibarən 50.000 yeni işçi qəbulunu və hal-hazırda çalışan işçilərə əlavə bonuslar ödəməyə başlayıb.

Walmart şirkəti də öz növbəsində bu təşəbbüsə qoşulmuş və 150.000 yeni işçi qəbul etməklə yanaşı hal-hazırda çalışan işçilərə 550 milyon məbləğində bonus ödənilməsinə qərar vermişdir.

Ümumilikdə koronavirus səbəbilə insanların supermarketlərə güclü axını market şəbəkələrini işçi heyətinin sayını artırmağa sövq etmişdir. Yuxarıda adları çəkilən şirkətlərlə yanaşı Tesco, Asda, Aldi və Lidl kimi şirkətlər də bu üsuldan istifadə edərək artan tələbatla mübarizə aparır.

Koronavirus analizlərinin həyata keçirilməsi

Nyu-Yorkun Otel işçiləri Birliyi görülən tədbirlərə işçilərin koronavirus analizlərinin ödənişsiz təmin edilməsini də əlavə edib. Birliyin verdiyi məlumata əsasən işçilərin tibbi siğortası çərçivəsində 90.000dən çox işçi və onların yaxın ailə üzvləri test olunacaqlar.

Virtual işə qəbul

Koronavirus səbəbilə işə qəbul müsahibələrinin keçirilməsində yaranan problemlemlərə bir çox şirkət virtual işə qəbulun tətbiqinə başlamaqla cavab verib. İngiltərənin " Big Four" muhasibatlıq şirkətləri sırasına daxil olan EY tələbələrin təcrübə proqramları vasitəsilə işə qəbulunu asanlaşdıraraq onların online müsahibələr vasitəsilə işə qəbuluna başlayıb.

Şirkətlərin fəaliyyətlərinin müvəqqəti dayandırılması.

Starbucks şirkəti işçilərindən birində COVID-19 testi pozitiv çıxdıqdan sonra müvəqqəti olaraq Seattleda yerləşən anbarın fəaliyyətini müvəqqəti dayandırıb. Şirkət işçiləri evə yollayaraq anbarda dezinfeksiya işlərinin başladılmasına qərar verib.

"Təmassız" çatdırılma

Uber və Lyft kimi şirkətlər çatdırılma xidməti göstərən sürücülərinə koronavirusa yoluxduqları halda kompensasiya ödəməyi planlaşdırır. Postcard və İnstacard isə "təmassız" qida çatdırılması layihəsinə başlayacaqlarını açıqlayıblar.

Teleworkingə keçid

Bir sıra şirkətlər işçilərin ev şəraitində fəaliyyətini davam etdirmələri üçün şərait yaradır və onların iş yerlərinə gəlməsinə bəzi məhdudiyyətlər tətbir edir. Twitter şirkəti Martın 2-dən etibarən işçilərin ev şəraitində çalışmasına keçid edən ilk ABŞ şirkəti olmuşdur.

IBM, Goldman, Sachs, PwC və başqa bir çox şirkətlər də öz növbələrində teleworking təşəbbüsünə qoşulublar. Bununla yanaşı IBM işçilərin səyahət etməsinə məhdudiyyətlər qoymuş və San Franciscoda baş tutması gözlənilən RSA konfransında iştirakdan imtina etmişdir.

Google şirkəti də işçilərinin təhlükəsizliyini təmin etmək üçün home office üsulunu dəstəkləyənlərdəndir. Şirkət 100.000dən çox işçisini evdə qalmağa və öz fəaliyyətlərini bu şəkildə davam etdirmıyə səsləyib. Şirkət eyni zamanda Aprelin 10-na kimi şirkət əməkdaşı olmayan bütün qonaqların şirkət binasına girişinə məhdudiyyət qoyub.

Ölkə daxili və xarici səyahətlərə məhdudiyyətlər

Ford şirkəti Martın 3-dən işçilərin zərurət olmadığı təqdirdə hava yolu ilə səyahətlərinə məhdudiyyətlər qoyub. İlk öncə Çinə edilən səfərlərə şamil olunan bu məhdudiyyət daha sonra bütün beynəlxalq və ölkədaxili uçuşlara da tətbiq edilib.

Google şirkəti Mart ayında keçirilməsi planlaşdırılan  və 7.000 iştirakçının qatılması gözlənilən konfransı ləğv edib. Konfrans təxirə salınsa da online webinar  şəklində keçirilə biləcəyi də nəzərdə tutulub.

Təşəbbüslərdən ən maraqlısı isə ABŞ-ın Xarici Əlaqələr Şurası tərəfindən edilib. Şura koronavirusla bağlı keçirilməsi planlaşdırılan konfransı koronavirus səbəbilə təxirə salıb. Ümumilikdə Şuranın Martın 11-dən Aprelin 3-nə kimi keçirməyi planlaşdırdığı bütün konfranslar təxirə salınıb.

Beynəlxalq uçuşların ləğvi

Beynəlxalq və ölkədaxili uçuşların təxirə salınması və məhdudlaşdırılmasından ən çox zərər görən şübhəsiz ki, aviaşirkətlərdir. ABŞ-ın bir çox aviaşirkətləri May ayının sonuna qədər bütün uçuşları ləğv edəcəyini açıqlayıb. United Airlines şirkətinin rəhbəri Oscar Munoz İyunun 30-na qədər icrası planlaşdırılan bütün layihələri təxirə salacağını və bankdan aldığı 2 milyard dollar məbləğindəki kreditin şirkəti ilin birinci rübündə böyük miqdarda itkiyə doğru apardığını bildirib.

İş yerlərinin dezinfeksiyası

Dallas əyalətində yerləşən bütün restoranlar öz mətbəx və salonlarını mütəmadi olaraq dezinfeksiya edir. Həmçinin restoranlarda əllərin dezinfeksiyası üçün aparatlar quraşdırılıb. Hətta bəzi restoranlar kartla ödənişlər üçün post terminalların da dezinfeksiya edilməsinə, qapı tutacaqlarının təmizlənməsinə başlayıb.

Nike şirkəti ABŞ-da koronavirusdan ölən ilk insan açıqlandıqdan sonra Martın 1-də baş ofisini müvəqqəti bağlayıb. Şirkət rəhbərliyi qeyd edib ki, Nike şirkətində koronavirusa yoluxma halı aşkarlanmasa da, işçilərin sağlamlığının və həyat təhlükəsizliyinin təmin olunması məqsədilə bütün binanın təmizlənməsinə ehtiyac yaranıb.

Bir işçisində koronavirus testinin pozitiv çıxmasından dərhal sonra Facebook şirkəti London və Sinqapur ofislərinin fəaliyyətini müvəqqəti dayandırıb. Sinqapurda koronavirusa yoluxan işçi bu müddətdə London filialına da baş çəkdiyinə görə hər iki filial fəaliyyətini dayandıraraq dezinfeksiya və təmizlənmə işlərinə başlayıb.

İstinad edildi

Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə